Gallery Image 11 Gallery Image 12 Gallery Image 13

Təqvim

MİLLİ GİMNASTİKA ARENASINDA GİMNASTİKA NÖVLƏRİ ÜZRƏ NÖVBƏTİ BİRGƏ YARIŞ KEÇİRİLƏCƏK

Yayın son ayının ilk günləri – daha dəqiq 6-7 avqust tarixlərində Azərbaycan Gimnastika Federasiyası tərəfindən gimnastika növləri - idman gimnastikası, akrobatika və tamblinq üzrə növbəti birgə yarış təşkil olunacaq. Bədii gimnastika üzrə Azərbaycan və Avropa Çempionatlarının müvəffəqiyyətlə keçirildiyi Milli Gimnastika Arenasında bu dəfə, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına təsnifat turnirləri ərəfəsində gimnastikanın digər növləri üzrə yarışlar təşkil olunacaq.

 

Ötən illərdən fərqli olaraq, bu dəfə üçlü yarış daha da genişlənərək 4 növ üzrə keçiriləcək. Bu yarışlarda qadın idman gimnastikasının nümayəndəsi, AVRO-2014-ün vitse-çempionu Anna Pavlova Bakı tamaşaçılarına paralel qollarda “uçuş”lar, tir üzərində “döngə”lər, həmçinin dayaqla tullanma və sərbəst hərəkətlərdə öz ustalıqlarını nümayiş etdirəcək.

 

Bu yarışlarda ümumi 80 idmançı iştirak edəcək. Onlar 4 idman cəmiyyətini – Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Litseyi, Nizami rayonu İdman Məktəbi və “Neftçi” cəmiyyətini təmsil edəcəklər. Yarışın ilk gününün səhər və gündüz sessiyalarında yunior idman gimnastları, akrobatlar və tamblinqçilər çıxış edəcək, axşama doğru isə ölkə çempionunun adı idman gimnastları arasında səslənəcək. Böyük idman gimnastları - qızıl medala əsas namizədlər sayılan Oleq Stepko və Petr Paxnyuk, o cümlədən akrobatlar və tamblinqçilər arasında çempionlar yarışın ikinci günü bəlli olacaq. Yarışın hər iki günü fasilələr zamanı batut üzrə milli komandanın üzvləri nümunəvi çıxışları ilə öz ustalıqlarını nümayiş etdirəcəklər.

 

Azərbaycan Gimnastika Federasiyası bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimləri dəvət edib. Onlar – Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin 2 üzvü - Mario Vukoya (Xorvatiya) və Dmitriy Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim və Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorovdur.

 

Azərbaycan Gimnastika Federasiyası hər iki yarış gününü açıq elan etməkdən məmnunluq duyaraq, idman həvəskarlarını yenidən Milli Gimnastika Arenasına dəvət edir. (Giriş sərbəstdir)