Təqvim

Kişi və Qadın İdman Gimnastikası üzrə 23-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi, Akrobatika Gimnastikası üzrə 23-cü Azərbaycan Çempionatı

Milli Gimnastika Arenası (MGA) bu ilin son gimnastika yarışına artıq hazırdır. Belə ki, 16-17 dekabr tarixlərində Arenanın köməkçi zalında Kişi və Qadın İdman Gimnastikası üzrə 23-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi və Akrobatika gimnastikası üzrə 23-cü Azərbaycan Çempionatı baş tutacaq.

Yarışların hər iki günü kişi idman gimnastları 6 yaş kateqoriyası (yeni başlayanlar 2008-2009, kiçiklər 2006-2007, balacalar 2003-2004, yeniyetmələr 2001-2003, gənclər 1998-2001, böyüklər 1998-ci il təvəllüdlülər və daha böyüklər), qadın idman gimnastları isə 4 yaş kateqoriyasında (kiçiklər 2009, uşaqlar 2007-2008, balacalar 2006, gənclər və böyüklər 2002-ci il  və daha böyüklər) çıxış edəcəklər.

Akrobatika gimnastikası üzrə isə balacalar (2002-2010), uşaqlar (2000-2007) yeniyetmələr (1998-2006) və böyüklər (2002-ci il təvəllüdlü və daha böyüklər) yaş kateqoriyasında yer almış kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər və qadın qrupları qarışıq, balans və temp hərəkətlərini icra edəcəklər.

Yarışlarda ümumilikdə 115 gimnast Bakı Gimnastika Məktəbi, Nizami rayonu İdman Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” klubu, Respublika Olimpiya İdman Litseyi və Sumqayıt şəhərini təmsil edəcəklər.

Yarışları CBC Sport TV kanalında və Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayım vasitəsilə izləmək mümkün olacaqdır.

Yarışlara biletləri Arenanın kassasından, "Bazarstore" mağazalar şəbəkəsinin Xətai və  "28 mall" filiallarından əldə edə bilərsiniz. Biletlərin qiyməti 3 manatdır.

Yarışlar haqqında ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.