Təqvim

Aerobika Gimnastikası üzrə Açıq Azərbaycan və Bakı Çempionatı. Bədii Gimnastika üzrə Bakı Çempionatı və Birinciliyi. Batut Gimnastikası və Tamblinq üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyi.

Milli Gimnastika Arenası 23-26 noyabr tarixlərində Batut və Tamblinq üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyi, Bədii Gimnastika üzrə Bakı Çempionatı və Birinciliyi, həmçinin Aerobika Gimnastikası üzrə Açıq Azərbaycan və Bakı Çempionatına ev sahibliyi edəcək.

Belə ki, yarışların ilk gününə (23 noyabr) tamblinqçilər start verəcək, daha sonra isə meydançanı aerobika təmsilçiləri və bədii gimnastlar bölüşəcəklər (24-25 noyabr). Turnirin son günü (26 noyabr) isə bədii gimnastlarla yanaşı, batutçular da mübarizəyə qoşularaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Qeyd edək ki, əsl gimnastika bayramına çevriləcək 4 günlük turnirdə Aerobika Gimnastikası üzrə Açıq Azərbaycan Çempionatına yerli gimnastlarımızla yanaşı Estoniya, Bolqarıstan, Almaniya, Macarıstan və Rusiyadan da idmançıların qatılacağı gözlənilir. Onlar fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramlarında 5 yaş kateqoriyası (2009-2010, 2006-2008, 2003-2005, 2000-2002, 1999 və daha böyük) üzrə mübarizə aparacaqlar.

Turnirə biletləri Arenanın kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti 23 noyabr tarixinə 5 manat, 24-26 noyabr tarixlərinə isə 10 manat təşkil edir.

Yarışlar haqqında daha ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.

Yarışlarımıza gələrək, gimnastlarımıza dəstək olun!