Təqvim
Bədii Gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci Açıq Turnir
Aprel ayında Milli Gimnastika Arenasında bədii gimnastika ulduzlarının çıxışlarından öncə bu məkanda məhz gənc, yeniyetmə və daha kiçik yaşlı gimnastlar öz qüvvələrini sınayacaqlar.
Belə ki, 17-19 aprel tarixlərində bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda açıq turnir təşkil ediləcək. Belə bir turnirin ölkəmizdə keçirilməsi ilə bağlı ideya 2019-cu ildə Bakının ev sahibliyi etdiyi Dünya Çempionatının səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı məşhur keçmiş rusiyalı gimnast Yana Batırşina ilə uğurlu əməkdaşlıqdan sonra yaranmışdı.
Sayca 7-ci olan bu turnirə Azərbaycan ilk dəfədir ki, ev sahibliyi edir. Məhz bu il təşkil ediləcək yarış Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən beynəlxalq turnir kimi tanınıb.
Turnirdə gənclər (2005-2007) və daha kiçik yaş qruplarına daxil gimnastlar (2008, 2009, 2010, 2011, 2012, 2013, 2014) fərdi və qrup hərəkətləri proqramında çıxış edəcəklər.
Qaydalara əsasən gənc gimnastlar çoxnövçülükdə və ayrı-ayrı alətlər üzrə finallarda yarışacaq və komanda hesabında qaliblər müəyyənləşəcək. Yaş qruplarında çıxış edəcək gimnastlar və qruplar isə öz aralarında təsnifatın nəticələrinə əsasən çoxnövçülükdə və ayrı-ayrı alətlər üzrə qalibləri müəyyənləşdirəcəklər.
İlkin qeydiyyat siyahısına əsasən 11 ölkə yarışda iştirakını təsdiq edib. İştirakçı ölkələrdən olan Rusiyanın artıq 4 klubu qeydiyyatdan keçib.
Gənc, yeniyetmə və daha kiçik yaşlı gimnastların birincilik uğrunda mübarizəsini qaçırmamaq üçün biletlərinizi artıq Arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/) əldə edə bilərsiniz. Biletlərin qiyməti turnirin ilk 2 günü üçün 6 və 8, son günü üçün isə 8 və 10 manat təşkil edir.
Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları Arenanın kassasında əldə edə bilərlər.