Təqvim

Bədii Gimnastika üzrə FIG Dünya Kuboku, AGF Trophy 2020

2019-cu ildə uğurla təşkil edilmiş bədii gimnastika üzrə Dünya və Avropa Çempionatları da daxil 4 beynəlxalq yarışdan sonra Azərbaycan Gimnastika Federasiyası 2020-ci ildə də bu növ üzrə yarışlara hazırlaşır.

Gimnastikanın ən zərif nümayəndələrinin yarışları ənənəyə uyğun olaraq aprel ayında keçiriləcək.

24-26 aprel tarixlərində isə təşkil ediləcək Dünya Kuboku üzrə ölkələrin ilkin qeydiyyat siyahısı isə dekabrda bəlli olacaq.

Bu Kubokun iştirakçıları da Olimpiadaya vəsiqə qazanmaq şansı əldə edəcəklər. Bakıdakı Dünya Çempionatından Tokio-2020-yə lisenziyasız qalan gimnastlar bu yarışlarda güclərini bir daha sınayacaqlar.

Yarışların ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Yarışın son günü isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

Ənənəyə uyğun olaraq, bu Kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Ən zəriflərin mübarizəsinin canlı şahidi olmaq üçün biletlərinizi Arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/) əldə edə bilərsiniz​. Təsnifat günləri üçün biletlərin qiyməti 10 və 15 manat, final günləri üçün isə 15 və 20 manat təşkil edir.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları Arenanın kassasında əldə edə bilərlər.