Xəbərlər

Milli Gimnastika Arenasında keçirilən ilk tur.

Noyabr 30, 2015

“Gözəllik, zəriflik, güc və çeviklik dünyası olan Gimnastika aləminə xoş gəlmişsiniz!”. Azərbaycan Respublikası Milli Gimnastika Federasiyasının təşkilatçılığı ilə Milli Gimnastika Arenasında xüsusi turun ilk ziyarətçiləri olmuş “XXI əsr” Müasir Təhsil Kompleksinin birinci sinif şagirdləri məhz bu sözlərlə qarşılanmışdır. Əl-ələ verib gülərüz və mehriban bələdçilərin müşayiəti ilə balalarımız 5 (beş) mərtəbədən ibarət olan bu idman kompleksinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım, Milli Federasiyanın rəhbəri Mehriban Əliyevanın iştirakı ilə 2014-cü ildə rəsmi açılışı olduğu barədə məlumat almışlar. Balaca qonaqların arasında ötən müddət ərzində Arenada bir sıra mühüm beynəlxalq yarışların, o cümlədən ilk Avropa Oyunlarının keçirildiyi barədə məlumatlı olanlar da var idi. Uşaqlar həmçinin, Respublikanın ən güclü gimnastların ustalıqlarını təkmilləşdirdikləri idmançılar arasında “kürə” adlandırılan köməkçi məşq zalı ilə də tanış edildilər. Burada onlar gimnastların məşq prosesini əyani izləməklə yanaşı bir anlıq dərslərini unudaraq, özlərini parlaq, ala-bəzək lent və ya topla gimnast təsəvvür etmək, halqalardan sallanmaq və yıxılmadan tirin üzərindən keçmək və s. fürsətindən doyunca yararlanmışlar. Eşidib gördüklərindən bir qədər yorğun, lakin həddindən artıq məmnun qalan uşaqlar öz valideyn, dost və rəfiqələrinə bu unudulmaz tur barədə mütləq danışacaq, müsbət təəssüratlarını bölüşəcəklər. Milli Gimnastika Arenası isə öz qapılarını gələcək çempionların üzünə yenə də sevinclə açmağı səbrsizliklə gözləməkdədir.  

Gallery Image 38 Gallery Image 40 Gallery Image 41 Gallery Image 42 Gallery Image 43 Gallery Image 44 Gallery Image 45 Gallery Image 46 Gallery Image 47 Gallery Image 48